Misirdəki 4 min illik məzardan timsah kəllələri tapılıb

10:30 09.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin Luksor şəhərində Nil çayının qərb sahilində yerləşən Hatşepsut məbədi yaxınlığında arxeoloqlar iki məzarda yeni və təəccüblü kəşf ediblər.

Hafta.az-ın "Miami Herald"a istinadən yazdığına görə, qədim Misirin Yeni Krallıq Dövrünə aid iki zadəganın 4 min illik məzarlarında doqquz timsah kəlləsi tapılıb. Mütəxəssislər bu kəşfin ilk olduğunu bildiriblər.

Febes Nekropolundakı kəllə sümükləri mumiyalanmayıb və qorunub saxlanılması üçün heç bir tədbir görülməyib, yalnız parça ilə bükülüb.

Təhlil zamanı məlum olub ki, heyvanlar Nil çayında yaşayan timsah növü olan "Crocodylus niloticus"dur.

Qədim Misirdə timsahlar müqəddəs sayılırdı. Timsah kəlləsinin qoyulduğu məzarlardakı insanların qədim Misir tanrılarından biri olan timsah üzlü Sobek tərəfindən qorunacağı düşünülürdü.

2013-cü ildən məzarları qazan Varşava Universitetinin komandası, timsah başlarının "mərhuma axirətə səyahətinə kömək etmək üçün" qoyulduğundan şübhələndiklərini bildirib.

"Bu, qeyri-adi kəşfdir. Bu, Misir tədqiqatları tarixində ilkdir", - arxeoloji qrupun rəhbəri Patrik Çudzik bildirib.

Çudzik indiyədək məbədlərdə mumiyalanmış timsahların tapıldığını, lakin məzarlarda belə bir tapıntının olmadığını bildirib: "Tədqiq etdiyimiz məzarlarda timsahların bütün bədəni deyil, yalnız başı basdırılıb", - o deyib.

Çudzik Qədim Misirdə müqəddəs sayılan heyvanların basdırıldığı katakombalarda qalıqlara rast gəlinmədiyini də vurğulayıb.